REGİONLAR


Stalinin saxlanıldığı zindan – Lənkərandan reportaj VİDEO

Lənkəran, 5 avqust, AZƏRTAC

Ölkəmizin tarixi qədimdir. Respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış abidələr diqqət çəkir. Ölkəmizin keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur.

AZƏRTAC xəbər verir ki, belə abidələrdən biri Lənkəran şəhərində yerləşən tarixi Dairəvi qaladır. Qala mühüm müdafiə məqsədilə tikilsə də, 100 ilə yaxın zindan kimi fəaliyyət göstərib.

Qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. 1869-cu ildə cənub qütbü hesab olunan Dairəvi qala hərbi qüvvələrin əlinə keçib və 1869-cu ildən 1970-ci ilədək - 1 əsr zindan kimi istifadə olunub.

Müxtəlif mənbələrin məlumatına əsasən, zamanında bu qalada sovet lideri İosif Stalinlə yanaşı, üç minə yaxın məhbus saxlanılıb.

Stalinin saxlandığı qala turistlərin də marağına səbəb olur. Bizə bələdçilik edən sakinlərdən birinin dediyinə görə, Stalin qalada gün işığı görməyən hücrədə saxlanılırdı. Xüsusilə, bura Rusiyadan olan turistlər daha çox maraq göstərirlər.

Dairəvi qalada gizli yollar olub ki, bu qalaya gətirilən məhbusların kimliyi gizli saxlanılsın. Yeraltı keçidlər Dairəvi qalanı Lənkəran mayakı, Xan sarayı, “Böyük bazar məscidi” ilə birləşdirirmiş.

Qalanın kim tərəfindən tikildiyi dəqiq məlum olmasa da, əksər mənbələrdə onun 1747-1786-cı illərdə Nadir şahın istəyi ilə tikildiyi deyilir.

Qeyd edək ki, Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hazırda qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər görülür. Tarixi abidənin layihə smeta sənədləri hazırlanıb və bərpa edilməsi üçün investisiya planına daxil edilib.

Abidənin bərpa olunması üçün müvafiq prosedurlar həyata keçirilir.

Dairəvi qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.