İQTİSADİYYAT


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başlayır

Bakı, 14 sentyabr, AZƏRTAC 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başlayır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının 2017-ci ilin 12 sentyabr tarixli iclas protokoluna əsasən komitə yanında İctimai Şuraya seçkilərdə iştirak etmək istəyən namizədlər sentyabrın 18-dən oktyabrın 20-dək öz namizədliklərini irəli sürə və qeydiyyatdan keçə bilərlər.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seçkilər cari ilin noyabrın 30-da komitənin inzibati binasındakı (Mərdanov qardaşları, 124) iclas zalında keçiriləcək. Komissiya tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib.

Qeyd olunub ki, seçkilərdə komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik vətəndaş cəmiyyəti institutlarının – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları və vətəndaşların təşəbbüs qruplarının nümayəndələri namizəd kimi iştirak edə bilərlər.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizəd təmsil etdiyi vətəndaş cəmiyyətinin müraciəti əsasında irəli sürülür. Vətəndaş cəmiyyəti institutu müraciətinə (müraciət nümunəsi elanın sonunda yazılıb) ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- namizədin tərcümeyi-halını;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;

- namizədin SMPDK-nın fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);

- tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Nəzərə çatdırılıb ki, seçki komissiyası namizədliyi qeydə alınmış şəxslərə bərabər imkanlar yaratmaqla, rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) namizədlərin özləri barədə əlavə məlumat vermələri üçün şərait yaradacaq, həmçinin rəsmi internet səhifəsində onlar barədə məlumat verən səhifələrə keçidi təmin edəcək.

Namizədliyi qeydə alınmış şəxslər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədilə təşviqat materialları yaya bilərlər.

Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək.

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

İctimai Şuraya seçkilərlə bağlı əlavə məlumat almaq üçün komitənin internet poçt ünvanı ([email protected]) vasitəsilə və ya komitənin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin əməkdaşı Ülvi Qiyasovla əlaqə saxlamaq olar (Tel: (012) 449-99-59 (daxili 231), mob: (055) 266 34 33).

Həmçinin bildirilib ki, komitə yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi üçün yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.