İQTİSADİYYAT
“Star” NEZ-də əlavə qurğuların tikintisi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədi hazırlanıb
Bakı, 6 dekabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodunda (NEZ) əlavə qurğuların tikintisi üçün ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsinə İcazə və Təftiş Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, neft emalı həcmini artırıb, dizel, təyyarə yanacağı və digər xammal istehsalı ilə Türkiyənin cari kəsirini əhəmiyyətli dərəcədə azaldacaq “Star” zavodunun əlavə qurğularının inşası sahəsi üzrə layihəyə dair ətraf mühitə təsirlərin qiymətləndirilməsi prosesi başlayıb və ƏMTQ sənədi ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, bu il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub. Zavod Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. NEZ yaxın vaxtlarda “Petkim” neft-kimya kompleksini nafta ilə təmin edəcək. Zavod 2019-cu ildən etibarən tam gücə ilə işləyəcək və ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal edəcək.
Zavod Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar sərmayə yatırılacaq.
“Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.
Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.