İQTİSADİYYAT


“Star” neft emalı zavodu “Global Lighthouse” şəbəkəsinə daxil edilib

Bakı, 24 may, AZƏRTAC

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı zavodunun Davos Dünya İqtisadi Forumunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat Azərbaycan nümayəndə heyətinin tərkibində Forumda iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim olunub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mükafata görə təşəkkürünü bildirən iqtisadiyyat naziri SOCAR-ın ikinci müəssisəsinin bu mükafata layiq görülməsindən qürur duyduğunu ifadə edib. Müşahidə Şurasının sədri deyib ki, SOCAR-ın əsas məqsədi dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərin önündə getməkdir.

SOCAR-ın milli şirkət olaraq strategiyasında sosial məsuliyyətə də böyük önəm verdiyini söyləyən nazir şirkətin korporativ strategiyasının Dünya İqtisadi Forumunun və “Global Lighthouse” şəbəkəsinin ideyaları ilə eynilik təşkil etməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Müşahidə Şurasının sədri bildirib ki, SOCAR qlobal enerji şirkəti kimi, “Yaşıl enerji”yə keçid və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək. Mikayıl Cabbarov gələcəkdə SOCAR-ın “Global Lighthouse” şəbəkəsinin yüksək standartlarını əldə edən daha çox müəssisəsinin olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Star” neft emalı zavodu “Global Lighthouse” şəbəkəsinə müasir texnologiyaları tətbiq etməsi, bu sahəyə böyük sərmayələr yatırması və bu kimi digər önəmli amillər nəzərə alınmaqla daxil edilib. Ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrin yer aldığı bu şəbəkəyə 2019-cu ildə SOCAR-ın törəmə müəssisəsi olan “Petkim” də daxil olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.