İQTİSADİYYAT
“Star” neft emalı zavodunda mühəndislik işlərinin 99 faizi görülüb
İzmir, 7 sentyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunun tikintisi üzrə ümumi işlərin 75 faizi yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 7-də İzmirdə azərbaycanlı jurnalistlər ilə keçirdiyi görüşdə "Star" neft emalı zavodunun baş direktoru İbrahim Palaz deyib. O qeyd edib ki, zavodun tikintisinin 50 faizi icra edilib. Mühəndislik işlərinin isə 99 faizi görülüb.
"Hazırda zavodun inşasında müxtəlif sahələrdə 12 min işçi çalışır”, - deyə İ.Palaz əlavə edib.
Qeyd edək ki, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq. “Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edəcək. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Star” layihəsinin dəyəri ümumilikdə 5,65 milyard ABŞ dolarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən geri ödəniləcək.
Xatırladaq ki, zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.