İQTİSADİYYAT


“Star” neft emalı zavodunun “SAP S/4 HANA IS-OIL” layihəsi nümunəvi layihə seçilib

Bakı, 29 yanvar, AZƏRTAC

“Star” neft emalı zavodunun (NEZ) “SAP S/4 HANA IS-OIL” layihəsi nümunəvi layihə seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb. Bildirilir ki, “Star” zavodunun “SAP S/4 HANA IS-OIL” layihəsi ötən həftə Frankfurtda keçirilən, 50-dən çox ölkədən 3000-dən artıq layihənin iştirakı etdiyi “SAP S-KOM” konfransında nümunəvi layihə seçilib.

“Star”ın informasiya texnologiyaları direktoru Gülsün Akhisaroğlu konfransda NEZ-in strateji əhəmiyyəti və rəqəmsal neftayırma zavodu olmaq yolunda atılan addımlardan danışıb.

Qeyd edək ki, SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,5 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.