SİYASƏT


“Stars and Stripes” nəşri: “Cənubi Qafqazda gərginlik beynəlxalq insidentə gətirib çıxaracaqmı?”

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Amerikada çıxan “Stars and Stripes” nəşrində beynəlxalq münasibətlər üzrə ekspert, Baltimor Universiteti yanında İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın “Cənubi Qafqazda gərginlik beynəlxalq insidentə gətirib çıxaracaqmı?” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, erməni təcavüzündən bəhs edilən bu materialda ekspert Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş eskalasiyanı və üçüncü ölkələrin vasitəçilik səylərini təhlil edib. Müəllif yazır ki, ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda BMT-nin Baş Assambleyasındakı çıxışında “bu problemin həllinin hamı üçün ən yaxşı variantı güclü, davamlı diplomatik qarşılıqlı fəaliyyətdən” ibarət olmasını vurğulayaraq, bütün tərəfləri danışıqlar masası arxasına qayıtmağa çağırıb.

Şixan yazır ki, Azərbaycan ilə Ermənistan arasında müharibə 30 il bundan əvvəl, Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal edən vaxt başlayıb. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu hərəkətlərini pisləyən qətnamələr qəbul etsə də, Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərərək 30 il ərzində Azərbaycan ərazilərinin işğalını davam etdirib. Bu işğala iki il bundan əvvəl son qoyulub – Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış əraziləri üzərində nəzarəti bərpa edib.

Sülhün bərpasına yönəlmiş səylərin gedişində danışıqlar aparılır. Bu il avqustun 31-də Brüsseldə qəbul edilmiş bəyanatda iki ölkənin nazirləri sentyabrın sonuna qədər sülh sazişinin mətninin müzakirə edilməsi üçün görüşmək barədə razılığa gəliblər. Ekspert yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu prosesdə özünü kifayət qədər inamlı hiss edirdi. Lakin bu proses sabotaja məruz qalıb. Sonuncu eskalasiya dövründə Ermənistan Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və BMT Təhlükəsizlik Şurasına müraciətlə onların bu məsələyə müdaxilə etmələrini xahiş edib. Eyni zamanda, İranda bəzi rəsmi şəxslər tviter şəbəkəsində “Ermənistanın ərazi bütövlüyünü” dəstəklədiklərini yazıblar.

KTMT hələlik təmkinli mövqe tutur. Altı ölkənin qarşılıqlı müdafiəsi üçün nəzərdə tutulan bu hərbi orqanda Rusiya üstünlük təşkil edir. Bir neçə keçmiş sovet respublikasının daxil olduğu KTMT münaqişəyə Ermənistanın tərəfində müdaxilə edə bilərdi. Məqalədə qeyd edilir ki, əgər Ermənistanın suveren ərazisi hücuma məruz qalarsa, blok bunu etməyə borclu olardı. Lakin münaqişənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisində baş verdiyini nəzərə alsaq, Yerevanın dəstək üçün KTMT-yə müraciət edərkən hansı təsir vasitələrinə malik olmasını anlamaq çətindir. Bugünkü vəziyyətdə təşkilatın bəyanatları münaqişənin hərbi yolla həlli perspektivini nəzərəçarpacaq dərəcədə inkar edir və diplomatik yol göstərir.

Şixan öz məqaləsində daha sonra ABŞ Konqresinin bəzi üzvlərinin, məsələn ermənipərəst konqresmen Adam Şiffin və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana qeyri-adekvat münasibət göstərmələrinə diqqəti cəlb edir. Müəllif yazır: “Əgər Nümayəndələr Palatasındakı demokratlar konstruktiv nəticəyə malik olmaq istəyirlərsə, onlar Ermənistanın hərəkətlərini dəstəkləmələrinə yenidən baxmalıdırlar. Rusiya və İran ilə ittifaq o qədər də yaxşı görünmür. Bu, münaqişənin dinc yolla nizamlanmasına gətirib çıxarmayacaq”.

Məqalənin sonunda deyilir: “Blinken əmindir ki, Ermənistan ilə Azərbaycan arasında fikir ayrılıqlarını tənzimləyəcək möhkəm sülh yolu var. Bu əminlik alqışa layiqdir, lakin münaqişənin həlli yolu aydın deyil. Şübhə yoxdur ki, əgər ABŞ-dakı rəsmilər birləşərək hər iki tərəfin döyüş əməliyyatlarını dayandırmasını və sülh danışıqlarına qayıtmasını dəstəkləməsələr, heç şübhəsiz, Yerevan ilə Bakı arasında gərginliyin artacağı gözlənilir”.

 
AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.