DÜNYA
“Starship” kosmik gəmisinin prototipi eniş zamanı partlayıb

Bakı, 30 mart, AZƏRTAC
“SpaceX” kompaniyası martın 30-da Mars missiyası üçün nəzərdə tutulan “Starship” kosmik gəmisinin prototipinin növbəti uçuş sınağını həyata keçirib, lakin o, eniş zamanı qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, gəminin sınaq uçuşu “YouTube” portalında canlı yayımlanıb. ABŞ-ın Texas ştatının Boka-Çika rayonundan start götürən “Starship SN11” prototipi bir neçə dəqiqə ərzində 10 kilometr hündürlüyə qalxıb. Kosmik aparat start kompleksi yaxınlığında yerləşən meydançaya enərkən partlayıb. Sınaqlar qatı dumanlı şəraitdə keçirilib.
Prototiplər 2020-ci ilin dekabr və bu ilin fevral aylarında keçirilən sınaqlar zamanı da eniş edərkən qəzaya uğramışdı. Martın əvvəlində isə aparatı endirmək mümkün olsa da, o, bir neçə dəqiqədən sonra partlamışdı.
Qeyd edək ki, çoxistifadəli “Starship” kosmik gəmisi 100 nəfəri Mars planetinə daşımaq üçün nəzərdə tutulub. Bir müddət öncə “SpaceX” kompaniyasının rəhbəri İlon Mask yerətrafı orbitdə ilk sınaq uçuşunun çox güman ki, bu il həyata keçiriləcəyini bildirmişdi.