İQTİSADİYYAT


Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir

Bakı, 9 sentyabr, AZƏRTAC

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Eyni zamanda, müsabiqə Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsini də nəzərdə tutur.

Müsabiqəyə təqdim olunacaq startap layihələri yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olacaq 3 iştirakçıya pul mükafatı veriləcək, təqdim etdikləri startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrin qurulmasında dəstək göstəriləcək.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibləri, həmçinin mikro və kiçik sahibkarlıq subyekti kimi “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə biləcəklər. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsində iştirak etmək istəyən şəxslər sentyabrın 24-dək müvafiq formanı (https://bit.ly/3l2uzES) doldurmaqla müsabiqədə iştirak edə bilərlər.

Müraciət və qeydiyyatdan keçmə tarixləri sentyabrın 9-dan 24-dəkdir. Yarım final mərhələsi sentyabrın 30-u, final mərhələsi isə oktyabrın 5-dir.

Namizədə dair tələblər bunlardır: Azərbaycan vətəndaşı olmalıdır; Bakı şəhəri istisna olmaqla, Azərbaycanın regionlarında rəsmi qeydiyyatda olmalıdır; Müraciət edən şəxsin yaşı 18-dən az, 29-dan çox olmamalıdır. Digər şərtlərlə bu linkdən tanış ola bilərsiniz – https://bit.ly/3jWOvJX

Müsabiqənin mükafat fondunda I yer 1000 manat, II yer 700 manat, III yer 500 manatdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.