İQTİSADİYYAT
Statistika Komitəsi Beynəlxalq Enerji Agentliyinin “Enerji səmərəliliyinə dair təlim həftəsi”ndə təmsil edilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Beynəlxalq Enerji Agentliyinin (IEA) EU4 Enerji Layihəsi üzrə “Enerji səmərəliliyinə dair təlim həftəsi”ndə təmsil olunur.
Komitədən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-20-si tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə “Enerji səmərəliliyinə dair təlim həftəsi” keçirilir. Təlim həftəsi enerji statistikası sahəsində çalışan işçilərin potensialının artırılması, enerji səmərəliliyi təşəbbüslərinin inkişaf etdirmələri üçün bilik və bacarıqlarının aşılanması məqsədini daşıyır. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sənaye və tikinti, energetika və ətraf mühit, xidmət statistikası şöbələrinin nümayəndələri də iştirak edirlər.
Təlim həftəsində enerji səmərəliliyinə dair 5 paralel kursda enerji statistikası, tikinti, sənaye, işıqlandırma və elektrik avadanlıqları, nəqliyyat bölmələri üzrə statistik məsələlər əhatə ediləcək. Kurslarda statistika orqanlarının nümayəndələrinə enerji məlumatlarının müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə qəbul edilmiş enerji səmərəliliyi göstəriciləri, onların mahiyyəti, metodologiyası, bu sahədəki mövcud problemlər, inkişaf perspektivləri ilə bağlı təqdimatlar nümayiş olunacaq, dünya ölkələrində enerji səmərəliliyi statistikası sahəsində əldə edilmiş son nailiyyətlər barədə geniş müzakirələr aparılacaq. Tədbirdə, həmçinin Beynəlxalq Enerji Agentliyinin təcrübə və metodologiyaları şərh olunacaq, agentlik, Avrostat və BMT-nin Avropa İqtisadi Komissiyasının bu sahədə tətbiq edilən sorğuları üzrə praktiki məşğələlər də keçiriləcək.