İQTİSADİYYAT


Statistika Komitəsi Tiranada keçirilən seminarda təmsil olunub

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Albaniyanın paytaxtı Tiranada keçirilən seminarda təmsil edilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iyulun 5-6-da Tiranada Avropa Azad Ticarət Assosiasiyası və Albaniya Statistika İnstitutunun təşkilatçılığı ilə inzibati məlumatlara və reyestrlərə xüsusi diqqət yetirməklə milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edib.

İki gün davam edən seminarda statistik istehsal prosesində inzibati məlumatlardan necə istifadə etməli mövzusu ilə yanaşı, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM), Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) və keyfiyyəti idarəetmə sisteminin (KİS) tətbiqinə dair iştirakçı ölkələrin təcrübələri bölüşülərək mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin seminarda Azərbaycan milli statistika sistemi haqqında təqdimat da nümayiş olunub, Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar sisteminin mövcud vəziyyəti, GSBPM-in milli versiyasının hazırlanması, keyfiyyəti idarəetmə sisteminin daxili auditlərinin aparılması, KİS sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran gələcək addımlar barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.