İQTİSADİYYAT


Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov ilə görüşüb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DSK ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın inkişaf etdirilməsi, statistika sahəsində kadr potensialının artırılması məqsədilə müvafiq təlim kurslarının təşkili məsələləri müzakirə olunub.

DSK sədri Tahir Budaqov son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın uğurlu diversifikasiyasına, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanın, makroiqtisadi konsepsiyanın reallaşdırılmasına nail olunduğunu deyib.

Bildirib ki, bütün mütərəqqi hədəflər müxtəlif sahələr üzrə çoxsaylı dövlət proqramlarında öz əksini tapıb, nəticədə ölkəmizin dayanıqlı inkişafı üçün zənginləşdirilən sosial-iqtisadi siyasət Azərbaycanın həm beynəlxalq imicinin, həm də iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

T.Budaqov bu istiqamətdə statistik informasiyanın vacibliyinə toxunaraq, milli statistika sisteminin daha da gücləndirilməsi məqsədilə islahatlar aparıldığını qeyd edərək, Dövlət Statistika Komitəsinin beynəlxalq maliyyə institutları ilə, o cümlədən AİB ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov bildirib ki, AİB yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycana dəstək göstərir. Azərbaycan statistika sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərin müsbət əhəmiyyətini qeyd edib, Asiya İnkişaf Bankının zəruri dəstəyə açıq olduğunu vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.