İQTİSADİYYAT
Statistika Komitəsi yanında Statistika Şurası 2017-ci il üçün iş planını açıqlayıb
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının 2017-ci il üçün iş planı açıqlanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Statistika Şurası bu ilin aprelində “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilərin, həmin ay eləcə də, “2018-2022-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın layihəsinin müzakirəsini nəzərdə tutur.
Bundan başqa, noyabrda şura tərəfindən əhalinin siyahıyaalınmasının sorğu və siyahıyaalma vərəqələrinə daxil ediləcək sualların, eyni zamanda da “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərlə bağlı layihənin müzakirəsi planlaşdırılır.