İQTİSADİYYAT
Statistika Komitəsində kadr hazırlığının perspektivləri müzakirə olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində kadr hazırlığının perspektivləri müzakirə edilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr oktyabrın 5-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun Çexiyanın sabiq Baş naziri, Statistika İdarəsinin keçmiş prezidenti Jan Fişerlə görüşündə aparılıb.
Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə qeyri-neft sektorunda əldə olunan nailiyyətlər, statistika sisteminin daha da təkmilləşdirilməsi sahəsində qazanılmış uğurlar barədə qonağa ətraflı məlumat verib. Strateji hədəflərin reallaşdırılması və ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığının nəticəsidir ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan dünya reytinqində daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Azərbaycan və Çex Respublikaları arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan Tahir Budaqov əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar olduğunu, ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Jan Fişer ötən il Bakıda keçirilən ənənəvi IV Qlobal Bakı Forumunda iştirak etdiyini və forum çərçivəsində yüksək səviyyəli qonaqlar sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini böyük məmnunluqla xatırlayıb. O, öz həmkarları ilə birgə yaratdığı və Çexiyanın Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş statistikaya dair magistr pilləsi üzrə yeni proqramı təqdim edib. Qeyd edib ki, proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin, statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Görüşdə statistika sahəsində kadr hazırlığının perspektivləri müzakirə edilib.