SİYASƏT


Stefano Luçidi: Azərbaycanın yürütdüyü siyasət bölgəyə daimi sabitlik və sülh gətirəcək VİDEO

Roma, 23 oktyabr, AZƏRTAC

Azərbaycanın yürütdüyü siyasətin bölgəyə daimi sabitlik və sülh gətirəcəyinə ümid edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü senator Stefano Luçidi deyib.

Dövlət müstəqilliyinin bərpasından ötən 30 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirən S.Luçidi qeyd edib: “Bu illər ərzində Azərbaycan xarici siyasətdə öz potensialından maksimum dərəcədə istifadə edə bilib. Azərbaycan müstəqillik illərində qeyri-adi işlərin öhdəsindən gəlməklə demək olar yeni bir inkişaf modeli yaradıb. Öz enerji mənbələrindən səmərəli istifadə etməklə Azərbaycan iqtisadi resurslarını və maliyyə potensialını artırıb, regiondakı digər dövlətlərlə müqayisədə böyük inkişaf yolu keçib, Qafqazda və bütövlükdə Avrasiyada mühüm mövqeyə sahib ölkəyə çevrilib. Azərbaycan siyasi müstəqillik yolu ilə yanaşı, geosiyasi müstəvidəki mövqeyi ilə də təkcə ənənəvi müttəfiqlərlə əlaqələrini inkişaf etdirməyib, həmçinin özünə yeni dostlar və tərəfdaşlar qazanıb. İtaliyanın burada xüsusi yeri var. İtaliya Azərbaycanın Avropa dövlətləri arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığının ən güclü olduğu ölkədir. İtaliya, həmçinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri vurğulayıb: “Keçən ilin bu vaxtlarında şahidi olduğumuz müharibədə Azərbaycan haqlı mövqeyi ilə öz torpaqlarını işğaldan azad etdi və yeni bir mərhələyə qədəm qoydu. Ümid edirəm ki, Azərbaycanın yürütdüyü siyasət bölgəyə daimi sabitlik və sülh gətirəcək. Qonşu ölkələr isə regiondakı bu sabitlikdən faydalanacaq və ən əsası isə Azərbaycan kimi güclü ölkə ilə əməkdaşlıq edəcəklər”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.