Stend atıcılığı üzrə Binəqədi rayon birinciliyi keçirilib
AzerTAg.az
Bakı, 3 mart, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə gənclərin rayon birinciliyi keçirilib. Tədbir çərçivəsində rayonun fəal gəncləri ilə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, stend atıcılığı sahəsində 5 komanda tərkibində ümumilikdə 25 gənc yarışıb. Yarışın nəticəsinə əsasən ilk 3 yeri tutan qalib komandalar xatirə medalları və kubokla mükafatlandırılıblar. Sonra rayon rəhbərliyi, tədbir iştirakçıları və gənclər Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən gənclərlə görüşdə ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səmərəli dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatları Kəmaləddin Qafarov, Şahin İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd ediblər ki, belə müasir idman qurğularının istifadəyə verilməsi ölkəmizdə gənclərin idmana marağının artırılması və onun kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımlardandır.
Görüşdə çıxış edən gənclər respublikamızda aparılan uğurlu gənclər siyasətindən danışıblar və onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbərin mətnində orfoqrafik səhv var