İDMAN
Stend atıcılığı üzrə ölkə kuboku yarışı başa çatıb
Bakı, 16 may, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə keçirilən ölkə kuboku yarışı başa çatıb.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionat stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçirilib.
Yekun nəticələrə görə, fərdi yarışlarda kişilər arasında səngər stendi üzrə Əlimirzə Quliyev, dairəvi stend üzrə Niyaz Ağazadə, qarışıq komanda növündə isə səngər stendi üzrə Əlimirzə Quliyev - Şəfəq Əmrahova, dairəvi stend üzrə isə Fuad Qurbanov-Nurlana Cəfərova birinci yeri tutublar.
Qadınlar arasında isə səngər stendi üzrə Aydan Camalova, dairəvi stend üzrə Nurlana Cəfərova qalib adına layiq görülüblər.
Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahetdinova ölkə kuboku yarışlarının nəticələrini şərh edərkən qeyd edib ki, həm güllə, həm də stend atıcılığı üzrə respublika çempionatı bizə atıcılıq idmanında yeni nəslin yetişməsi ilə bağlı böyük ümidlər verir: “Atıcılığın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, bu növlə uşaq yaşlarından məşğul olmaq lazım deyil. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq”.
Federasiyanın baş katibi Emin Cəfərov ölkəmizdə uşaq və yeniyetmələrin bu idman növünə maraq göstərdiklərini qeyd edib.
“Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbir və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsinə nail olmağı hədəfləyirik”, - deyə baş katib əlavə edib.
Qeyd edək ki, 4 gün davam edən yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 41 idmançı mübarizə aparıb. Turnirdə fərqlənənlər mükafatlandırılıblar.