ELM VƏ TƏHSİL
“Stevia” layihəsi “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibi olub
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil, Gənclər və İdman nazirliklərinin, “Kapital Bank” ASC-nin və UNEC-in birgə təşkil etdiyi “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin 2016-cı il 18 yanvar tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrasına ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinə respublikanın altı universitetindən 58 layihə təqdim olunub. Ekspert şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və beş layihə finala vəsiqə qazanıb.
Finalda UNEC-in “SABAH” qruplarının tələbələri öz layihələrini təqdim ediblər.
Münsiflər heyəti layihələri tətbiqinin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.
Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun “Stevia” biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub.
İkinci yerə “Chessy”, üçüncü yerə isə “Count Me” biznes ideyası layiq görülüb.
Qaliblərə və finalçılara qiymətli hədiyyələr verilib. İlk üç yerin sahibi isə “Kapital Bank”ın maliyyə dəstəyi ilə Türkiyənin aparıcı universitetlərinin texnopark və startap təcrübəsini öyrənəcəklər.