İDMAN
Stoffel Vandorn: Bakı trası çox maraqlıdır
Bakı, 16 iyun, AZƏRTAC
Belçikalı yürüşçü, Gənclər Akademiyasının müdavimi və “McLaren F1” komandasının test-pilotu Stoffel Vandorn Bakı trası modelində simulyatorda məşqdən sonra öz təəssüratlarını bölüşüb.
-Sizin komanda ona tanış olmayan trasda yürüş mərhələsinə necə hazırlaşır? Mühəndislər, mexaniklər və yürüşçülər sərbəst yürüşlər başlanana qədər nə etməlidirlər?
-Təqvimdə yeni mərhələ yeni çağırışdır, bu çağırışa hazır olmaq lazımdır. Bakı trası çox maraqlıdır. Bazar günü bizi qızmar havada mürəkkəb küçə yürüşü gözləyir. Cümə günü sərbəst yürüşlər zamanı biz bir neçə aksent edəcəyik ki, yürüşçülər bu trasa uyğunlaşa bilsinlər, mühəndislər isə maşınların sazlanması barədə qəti qərara gəlsinlər. Bundan sonra trasın vəziyyətinin dəyişməsini izləyəcəyik.
-Tras barədə nə bilirsiniz?
-Bu tras nisbətən yüksək sürət üçün nəzərdə tutulur. Trasın düz xətt şəklində uzun hissəsi Montsadakı trasla müqayisə edilə bilər, lakin bu konfiqurasiyaya Monako ilə müqayisə oluna biləcək texniki cəhətdən çox mürəkkəb ləng sahələr də daxildir. Avropadakı müxtəlif trasların hissələrinin əlaqələndirilməsi maraqlı olmalıdır.
Düz xətt şəklində hissə uzun olduğuna görə bu trasda yanacaq sərfi yüksək olmalıdır. Biz bu istiqamətdə “ExxonMobil” ilə işi davam etdiririk və uik-endin gedişində vəziyyətə nəzarət edəcəyik. Düz xətt şəklində uzun hissədə və uzun DRS zonalarında ötüşmək olar.
-Cümə günü səhər üçün proqramınız necə olacaq?
-Bu mərhələdən əvvəl biz trasa mümkün qədər tez uyğunlaşmaq üçün simulyatorda işləmişik, lakin ilk məşq hamı üçün maraqlı olacaq. Ehtimal ki, səhər çağı asfalt sürüşkən olacaq, çünki o tamamilə yeni və tozludur.
-Əvvəllər Bakıda olmusunuzmu?
-Bəli, 2013-cü ildə mən GT yürüşünə gəlmişdim, lakin o vaxt biz başqa trasda çıxış edirdik. Budəfəki uik-end trası olduqca gözəl yerdə çəkilib və çox maraqlı olmalıdır.