DÜNYA
Stokholm sakini öz oğlunu 28 il ətraf aləmdən təcrid edib
Bakı, 1 dekabr, AZƏRTAC
Stokholm şəhərində 70 yaşlı qadın qanunsuz azadlıqdan məhrumetmə və 41 yaşlı oğlunun sağlamlığına zərər vurma şübhəsi ilə saxlanılıb.
AZƏRTAC “Expressen” nəşrinə istinadla xəbər verir ki, ağır vəziyyətdə və qorxu içində olan şəxs təsadüfən qohumu tərəfindən aşkarlanıb.
Yetmiş yaşlı qadın xəstələnərək xəstəxanaya düşüb. Qohumu onun evinə gedərkən qaranlıq küncdə sahibənin 41 yaşlı oğlunu görüb. Ayaqlarını yara basmış şəxs ayaq üstə güclə dayanır və sözləri çətinliklə başa düşürmüş. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya aparılıb və əməliyyat olunub.
Ananın öz oğlunu 12 yaşından qapalı vəziyyətdə saxladığı və onu faktiki olaraq digər şəxslərlə ünsiyyətdən məhrum etdiyi aydınlaşıb.
İsveç polisi qadını qanunsuz azadlıqdan məhrumetmə və sağlamlığa zərər vurma şübhəsi ilə saxlayıb və hadisə ilə bağlı təhqiqata başlayıb.