MƏDƏNİYYƏT


Stokholmda Novruz bayramı qeyd olunub

Stokholm, 25 mart, Rauf Əliyev, AZƏRTAC

İsveç-Azərbaycan Birliyi diaspor cəmiyyəti Stokholmda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Novruz şənliyi keçirib.

AZƏRTAC xəbər verir ki, şənlikdə Azərbaycanın İsveç Krallığındakı səfirliyinin əməkdaşları, KİV nümayəndələri, İsveçdə yaşayan Azərbaycan və türk diasporlarının üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İsveç-Azərbaycan dərnəyinin rəhbəri Sevda Dadaşova qonaqları salamlayaraq, onları Novruz bayramı münasibətilə təbrik edib. Bu bayramın xalqımızın mədəniyyətində və adət-ənənəsində tutduğu yerdən söz açan Sevda Dadaşova Novruzun təkcə baharın gəlişini deyil, habelə yeni təqvim ilini – yeni günün başlanğıcını özündə təzahür etdiyini bildirib. Novruz bayramının təbiət canlanması, ruzi-bərəkət, bolluq, dostluq və birlik rəmzi olduğunu bildirən natiq bu bayramın vətəndən uzaqda yaşayan soydaşlarımızın bir araya gələrək qeyd etməsinin önəmini vurğulayıb.

Sonra çıxış edən Söderberq Jönköpinq region parlamentinə seçilmiş Azərbaycan əsilli parlament üzvü İradə Əliyeva Novruz bayramının tarixinə nəzər salıb. Novruzun Azərbaycandan başqa digər türk xalqlarında da qeyd olunduğunu nəzərə çatdıran İradə Əliyeva bu bayramın xalqlar arasında birlik və birgəyaşayış ənənəsini təbliğ etdiyini bildirib.

Bakıdan Stokholma təşrif buyuran musiqiçilər və müğənnilər Rəşad Altınsəs, Nurlana Kərimli, Vüsal Nəsirov və digərləri sevilən mahnılarımızı ifa ediblər. İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan “Naz eləmə” və “Nəlbəki” Azərbaycan milli rəqsləri alqışlarla qarşılanıb.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.