MƏDƏNİYYƏT


Stokholmda Zəfər Günü münasibətilə fotoqraf Mikael Silkebergin “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı keçirilib VİDEO

Stokholm, 28 oktyabr, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda Zəfər Günü münasibətilə fotoqraf Mikael Silkebergin “Xarıbülbül əfsanəsi” adlı sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə İsveçdə akkreditə olunmuş diplomatik korpusun, türk və Azərbaycan diasporunun və İsveç ictimaiyyətinin nümayəndələri habelə, KİV təmsilçiləri iştirak edib.

Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə, qonaqları salamlayan Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov ilk öncə, onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, 2 il bundan öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz öz qanları və canları hesabına 30 ilədək düşmən tapdağı altında inləyən əzəli torpaqlarımızı işğaldan azad edib. Səfir bildirib ki, hamımızı qürurlandıran bu şanlı Qələbə beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi olmaqla yanaşı, öz tarixi yurdlarından didərgin düşmüş 1 milyonadək Azərbaycan vətəndaşının öz evlərinə geri dönməsinə şərait yaradıb.

Ötən 2 il azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi və ən müasir tələblərə uyğun şəkildə aparılan və hazırda sürətlə davam etməkdə olan bərpa işləri ilə əlamətdar olduğunu bildirən diplomat deyib, "artıq bildiyiniz kimi 2 müasir aeroport Füzuli və Zəngilan şəhərlərində istifadəyə verilib. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 3-cü belə hava limanının isə bir neçə ay sonra Laçın rayonunda fəaliyyətə başlaması gözlənilir".

Ardınca Zaur Əhmədov deyib, bu gün sevindirici haldır ki, belə bayramı Azərbaycanın və onun zəngin mədəniyyətinin böyük dostu Mikael Silkeberg tərəfindən ərsəyə gətirilmiş Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşaya, onun mədəni və ədəbi həyatına həsr olunmuş gözəl bir sənədli filmlə qeyd edirik. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş bu film bu qəbildən ilk xarici filmdir.

Ardınca çıxış edən filmin rejissoru Rahim Sadıqbəyli əvvəlcə təqdimat mərasiminə qatılanlara minnətdarlığını ifadə edib. O qeyd edib ki, bir neçə gün sonra ölkəmiz qazilərimiz və şəhidlərimizin şücaəti, qanı və həyatı, ölkə rəhbərliyinin cəsarəti hesabına əldə olunan Qələbəmizin növbəti ildönümü qeyd olunacaq. Bu Qələbənin vacibliyinə toxunan rejissor onun qazanılmasında əməyi olan hər kəs qarşısında böyük hörmətlə baş əydiyini bildirib.

Ardınca Rahim Sadıqbəyli Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri aparılan bu film haqqında bəhs edərək, onun xarici komanda ilə ərsəyə gələn ilk sənədli film olduğunu bildirib. O həm də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycan Milli Komissiyasına və Azərbaycanın İsveçdəki səfirliyinə filmin çəkilişlərinə verdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonda çıxış edən filmin rejissoru Mikael Silkeberg öz həyatı və uşaqlıq xatirələrinin onda şərq mədəniyyətinə maraq oyatdığını ifadə edərək, bu səbəbdən Türkiyəyə dəfələrlə səfər etdiyini bildirib. Sonradan bunun Azərbaycanla tanışlığa gətirib çıxardığını habelə, bir çox şəhərlərlə yanaşı Şuşaya səfərin ona güclü təəssürat yaratdığını bildirib. "Şuşanın təbiəti, oranın mədəniyyəti və tarixi məndə böyük maraq oyatdı. Bir az araşdırma aparıb anladım ki, bu şəhərin əsasını qoyan Pənahəli xan vaxtı ilə bura bütün ətraf bölgələrdən mədəniyyət və incəsənət ustadlarını gətirərək, Şuşanı bir mədəniyyət mərkəzinə çevirməyə nail olub. Bu gün sizə nümayiş olunacaq bu film dəfələrlə Azərbaycana səfərim zamanı mənim bu zəngin mədəniyyətlə tanışlığım, orada gördüklərim və eşitdiklərimdən bəhs edir".

Daha sonra nümayiş olunan “Xarıbülbül əfsanəsi” sənədli filmində Azərbaycan mədəniyyətində Şuşa şəhərinin yeri, habelə bu şəhərdə anadan olub, dünya mədəniyyətinə, musiqisinə və incəsənətində böyük töhfələr vermiş insanlar haqqında məlumat verilir.

 
Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.