İDMAN
Stolüstü tennis üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 23 sentyabr, AZƏRTAC
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarının ərazisində 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər yolu” devizi altında stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, yarışın keçirilməsində məqsəd Vətən müharibəsində əldə olunmuş böyük qələbənin yeniyetmə və gənclər arasında təbliği, stolüstü tennis idman növünün şəhərdə inkişafı, məktəblilərin asudə vaxtlarının idman oyunları vasitəsilə səmərəli təşkili və keçiriləcək respublika yarışlarında iştirak edəcək şəhər yığma komandasının komplektləşdirilməsidir.
2006-cı il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında iki gün davam edən birinciliyin şəxsi yarışlarında Aylin Əsgərova və Hüseyn Eylazov birinci olublar. A.Əsgərova-Fatimə Cəfərova, Toğrul Məhəmmədov – H.Eylazov qoşa, F.Cəfərova-H.Eylazov qarışıq qoşa yarışlarda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilib.