REGİONLAR
Stolüstü tennis üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 22 iyun, AZƏRTAC
Fiziki imkanları məhdud yeniyetmələr arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzində reallaşan birincilikdə yaşı 18-dək olan 16 paralimpiyaçı iştirak edib.
Ümumi nəticələr xal sayına əsasən hesablanıb. Rəfayel Yusifov ən yaxşı göstərici ilə birinci pilləyə layiq görülüb. Engin Novruzov ikinci, Qabil Qədimov isə üçüncü sırada qərarlaşıb.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin sonunda ilk üçlükdəki idmançılara diplom, bütün iştirakçılara isə hədiyyələr təqdim olunub.
Yarış fiziki imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və stolüstü tennisə olan maraqlarının artırılması məqsədilə keçirilib.