REGİONLAR
Stolüstü tennis üzrə yoldaşlıq görüşündə 8 paralimpiyaçı iştirak edib
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan şəhərində Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud yeniyetmələr arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü təşkil olunub. Oyunda “Naxçıvan” və “Sədərək” komandalarından yaşı 18-dək olan 8 paralimpiyaçı iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşü fiziki imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və stolüstü tennisə olan maraqlarının yüksəldilməsi məqsədilə keçirilib.
Nəticələrə əsasən, ümumi hesabda 3:1 hesablı üstünlük əldə edən paytaxt təmsilçisi görüşün qalibi olub.
Sonda bütün idmançılara hədiyyələr təqdim edilib.