İDMAN
Stolüstü tennisçilərimiz medalların sayını dördə çatdırıblar
Bakı, 17 fevral, AZƏRTAC
Latviyanın paytaxtı Riqada keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə komandamız aktivinə daha bir medal əlavə edib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, müxtəlif ölkələrdən 99 idmançının iştirak etdiyi 2004-cü il təvəllüdlü və aşağı yaş qrupları üzrə idmançıların yarışında təmsilçimiz Emin Məmmədov bürünc medal qazanıb. Təsəlliverici oyunlarda Zemfira Mikayılova və Adil Əhmədzadə adlarını qaliblər sırasına yazdırıblar.
Beləliklə, komandamızın aktivindəki medalların sayı dördə çatıb. Bundan əvvəl, 2007-ci il təvəllüdlü və aşağı yaş qrupları üzrə oğlanların yarışında Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov bürünc, qızlar arasında isə Arzu Aslanova bürünc medallar qazanıblar.
Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparırlar.