ELM VƏ TƏHSİL
Strasburq Universitetinin nümayəndə heyəti UFAZ-a qəbul olunmuş tələbələrlə görüşüb VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.
UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Fransız-Azərbaycan Universitetinə qəbul olunmuş tələbələri Bilik günü və UFAZ-ın tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb.
UFAZ-ın əlaqələndiricisi xanım Şarlot Payen universitetə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Fransanın Təhsil Nazirliyinin Avropa, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin rəhbəri xanım Marian Brunhöf UFAZ-ın təhsilə verəcəyi töhfələrdən bəhs edib.
Sonra videotəqdimat olub. Videotəqdimatda Fransanın Strasburq Universiteti və bu təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern tələbələrin qiymətləndirmə sistemi ilə bağlı suallarını cavablandırıb.