ELM VƏ TƏHSİL
Strasburq Universitetinin nümayəndələri Dövlət Neft və Sənaye Universitetində olublar
Bakı, 14 sentyabr, AZƏRTAC
Fransanın Strasburq Universitetinin nümayəndələri - universitetin beynəlxalq əlaqələr şöbəsinin vitse-prezidenti Fransis Körn, layihə əlaqələndiricisi Ekart Hötzel və kimya fakültəsinin dekanı Jan Mark Plane Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışıb.
Qeyd edək ki, Strasburq Universitetinin nümayəndələri ADNSU-ya Fransız–Azərbaycan Universitetinin (UFAZ) açılışı ilə əlaqədar dəvət olunublar.
Qonaqlara ADNSU-da UFAZ üçün yaradılan şərait və burada tədris olunacaq proqramlar barədə məlumat verilib.
Söhbət zamanı iki universitet arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.