MƏDƏNİYYƏT


Strasburqda “Kəpəz” nəşriyyat evinin təqdimatı olub

Paris, 18 fevral, AZƏRTAC

Strasburqda yaşayan soydaşlarımızın birgə səyləri nəticəsində ərsəyə gəlmiş “Kəpəz” nəşriyyat evinin və onun ilk nəşrlərinin təqdimatı keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Nicat Kazımov tədbirin məqsədindən danışıb.

Tədbirə moderatorluq edən Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmond iştirakçıları təqdim edib.

“Kəpəz” nəşriyyat evinin təsisçilərindən olan, vəkil Dilbadi Qasımov nəşriyyatın yaradılması təşəbbüsündən və onun əhəmiyyətindən söz açıb. O, nəşriyyat evinin ilk nəşrləri olan “Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda)” və türk yazıçısı Cuma Kılıçın “Cuma günü” kitabları haqqında məlumat verib.

Bildirib ki, növbədə Nəriman Nərimanovun “Bahadır və Sona” əsərinin fransız dilində çapı durur. Nəşriyyat evində Azərbaycan, eləcə də digər xalqların klassik və müasir yazıçılarının əsərləri də dərc olunacaq.

Vəkil Jan-Emanüel Medina Əhməd bəy Ağaoğlunun fransız dilindəki məqalələri əsasında hazırlanmış “Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda)” kitabının məziyyətlərindən danışaraq, onların bütün bəşəriyyət üçün vacib olduğunu qeyd edib. Əhməd bəy Ağaoğlu kimi böyük şəxsiyyətin məqalələr toplusuna “Ön söz” yazmasından qürur duyduğunu bildirib.

Əslən türk olan Fransa vətəndaşı Cuma Kılıç bu nəşriyyatda dərc olunan “Cuma günü” romanından danışıb.

Tədbirdə Strasburqda yaşayan Azərbaycan və türk icmalarının üzvləri, azərbaycanlı tələbələr, fransız yazıçı və vəkillər iştirak ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.