SİYASƏT


Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Paris, 27 fevral, AZƏRTAC

Strasburqda, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib və soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı qətliamının Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, soyqırımı aktının günahsız qurbanlarından söz açıb, builki anım tədbirinin fərqli olduğunu deyib.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sayəsində Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı. Ordumuzun zəfəri Xocalıda günahsız insanları amansızlıqla qətlə yetirmiş cinayətkarların ədalət mühakiməsi qarşısına çıxacağı günü yaxınlaşdırır, bunun üçün səylərin yorulmadan davam etdirilməsi vacibdir”, - deyə F.İsmayılov qeyd edib.

Daimi nümayəndə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və bu kampaniya çərçivəsində reallaşan tədbirlərdən, eləcə də Strasburqun mərkəzində keçirilmiş aksiyadan söz açıb.

Strasburqlu yazıçı Jerar Kardon çıxış edərək, ölkəmizə çoxsaylı səfərləri və Azərbaycanla bağlı apardığı araşdırmalar əsasında Xocalı qətliamı haqqında düşüncələrini bölüşüb. Bu qırğının qurbanlarının xatirəsinin davamlı yad edilməsinin vacibliyini vurğulayıb. Həmçinin o, Azərbaycan Ordusunun Zəfərinə toxunaraq, müharibənin bitdiyini və bundan sonra Azərbaycan və Ermənistanın gələcəyə baxmalı, regionda davamlı sülhün qurulması üçün çalışmalı olduqlarını söyləyib. O, bu baxımdan Fransa və Almaniya münasibətlərində keçilmiş tarixi yolu xatırladıb.

Fransada Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış edərək, Xocalı soyqırımının xalqımız üçün doğurduğu acı və iztirablar barədə danışıb və bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. O, ədalətın zəfər çalacağına və Xocalı soyqırımını törətmiş canilərin məhkəmə qarşısında cavab verəcəklərinə əminliyini bildirib.

Sonra anım tədbirində “Xocalı – Bir xalqın kədəri” adlı sənədli filmi nümayiş etdirilib.

Anım tədbirindən əvvəl "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Strasburqun mərkəzi Kleber meydanında Azərbaycan icmasının üzvləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş aksiya keçirilib. Aksiyada hüznlü musiqi sədaları altında Xocalı qətliamı barədə plakatlar nümayiş etdirilib və yerli sakinlərə Ermənistanın törətdiyi bu qanlı cinayət haqqında "Xocalıya ədalət!" kampaniyası tərəfindən hazırlanmış məlumat bukletləri paylanılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.