QAN YADDAŞI
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib VİDEO
Strasburq, 27 fevral, AZƏRTAC
"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart ” konsert salonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin, Strasburqda akademik dairənin, eləcə də yerli ictimaiyyət nümayəndələrinin, Azərbaycan diaspor üzvlərinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli də iştirak edib.
Mərasimin açılışında Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı soyqırımı nəticəsində qadın, uşaq və ahıllardan ibarət 613 mülki azərbaycanlının erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirildiyini və 30 il əvvəl bu qanlı cinayəti törədənlərin hələ də ədalət mühakiməsinə cəlb olunmadığını xatırladıb. F. İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayaraq, Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.
Sonra Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan xalqının 1992-ci ildə üzləşdiyi Xocalı soyqırımı kimi ağır faciənin anım mərasiminə qatılmış fransızlara təşəkkürünü bildirib. Bu qanlı qətilyam barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fransız dostlarımızın xidmətlərini qeyd edib. Xocalı qurbanlarına ədalətin tələb edilməsi yolunda mütəşəkkil fəaliyyətlərin vacibliyini vurğulayıb.
Ə.Hüseynli Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 2020-ci il Vətən müharibəsində torpaqlarımızı Ermənistanın işğalından azad etdiyini xatırladaraq, ötən dövrdə fransız deputat həmkarlarının törədilmiş dağıntılarla yerində tanış olduqlarından söz açıb. O, Prezident İlham Əliyevin “Biz Xocalı soyqırımını heç zaman unutmayacağıq” fikirləri ilə çıxışını tamamlayıb.
Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” əsərinin bəstəkarı Pyer Tiloy çıxış edərək, uzun illər boyu ölkəmiz və Azərbaycandakı dostları ilə dərinləşən münasibətlər fonunda onların sevinci ilə yanaşı qüssələrini bölüşməyə başladığını bildirib. Məhz Xocalı yaraları və acılarını musiqi vasitəsilə Fransa ictimaiyyəti və beynəlxalq aləmə çatdırmaq üçün “Xocalı 613” əsərini bəstələdiyini və onu özünün ən mühüm əsəri hesab etdiyini vurğulayıb.
Çıxışların ardınca Fransada fəaliyyət göstərən “Mobius” qrupunun istedadlı gənc musiqiçiləri tərəfindən anım konserti təqdim olunub. Konsertdə xarici bəstəkarlarla yanaşı, Fikrət Əmirov və Qara Qarayevin əsərləri, eləcə də “Xocalı 613” əsəri ifa edilib.
Tədbir çərçivəsində konsert zalında Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq