İQTİSADİYYAT
Strateji Yol xəritələri region ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli xarakter daşıyacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
BMT-nin 5-ci Qlobal İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Milli Qiymətləndirmə Potensialına (NEC) dair keçirilən konfransda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova təmsil edib.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda milli qiymətləndirmə sistemlərinin qurulması və potensiallarının gücləndirilməsi üzrə məlumat mübadiləsi, öyrənilmiş dərslər, qazanılmış təcrübələr, qarşıda duran çətinliklər mövzusunda fikir mübadiləsi aparılıb.
Vüsalə Cəfərova 400–dən artıq nümayəndənin iştirak etdiyi konfransda Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətində danışıb. O bildirib ki, bir neçə sahəni əhatə edən yol xəritələri Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək, region ölkələri ilə əməkdaşlığı gücləndirmək və ümumilikdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq.
Bu konfrans davamlı olaraq keçiriləcək. BMT-nin İnkişaf Proqramının qənaətinə görə, Milli Qiymətləndirmə Potensialının inkişafı ölkə səviyyəsində davam etdirilməlidir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.