İQTİSADİYYAT
Strateji Yol xəritələrinin icrası iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub
Bakı, 18 noyabr, AZƏRTAC
Strateji Yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) PR meneceri Zənura Talıbova AZƏRTAC-a bildirib ki, bu fikir "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" üzrə yaradılan işçi qrupunun müzakirəsində səsləndirilib.
Strateji Yol xəritələrinin icrası vəziyyəti və planlaşdırılan tədbirlərin daha təfsilatlı müzakirəsi aparılib. İşçi qrupun üzvləri qarşıda duran vəzifələrin həlli ilə bağlı Prezident Administrasiyası və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aid suallara aydınlıq gətiriblər. Diqqətə çatdırılıb ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsinin icrası üçün cavabdeh qurumlar nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursları səfərbər ediblər. Strateji Yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub.
Müzakirədə Prezident Administrasiyası ilə yanaşı, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və işçi qrupuna daxil olan digər qurumların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.