REGİONLAR


Strateji hədəfləri reallaşdıran Naxçıvan bu gün: quruculuq, inkişaf və yüksəliş - İCMAL

Muxtar respublikada insan amili daim ön plandadır

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Bu gün ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xətti uğurla davam etdirilir. Görülən işlər insanların rifahının yaxşılaşdırılmasına, enerji və ərzaq təhlükəsizliyimizin təmin edilməsinə, intellektual potensialın güclənməsinə, innovasiyayönümlü inkişafın davamlı xarakter almasına, ümumilikdə, gələcəyimizin etibarlı şəkildə qurulmasına xidmət edir.

Göstərilən yüksək diqqət və qayğı nəticəsində müstəqillik illərində muxtar respublikada səhiyyə xidməti sahəsində köklü dəyişikliklər baş verib, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların səviyyəsi yüksəldilib. Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları aparılır ki, vaxtilə biz bunları ancaq arzu edə bilərdik. Hər il mövcud imkanlar və resurs perspektivləri nəzərə alınmaqla, bu sahə sistemli şəkildə inkişaf etdirilir. Muxtar respublikada səhiyyə sahəsində görülmüş işlər icbari tibbi sığortanın tətbiqinə şərait yaradıb, tibbi xidmətin səviyyəsi yüksəlib, səhiyyə xidməti hər bir vətəndaş üçün əlçatan olub.

Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, pandemiya ilə mübarizə tədbirləri muxtar respublikada mütəşəkkil təşkil olunub, qabaqlayıcı tədbirlər pandemiyanın qədim diyarda geniş yayılmasının qarşısını alıb. Yüksək həkim hazırlığı və maddi-texniki təminat səhiyyə müəssisələrinə gündəlik müraciət edən xəstələrin müalicəsinin hərtərəfli təşkilinə, mövsümi xəstəliklərin qarşısının alınmasına, peyvəndlərin vaxtında vurulmasına və digər səhiyyə xidmətlərinin göstərilməsinə imkan verib. Bütün bunlar böyük nailiyyətlərdir. Dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilməsi də bu istiqamətdə görülən işlərin davamı, vətəndaşların sağlamlığına göstərilən qayğının əyani ifadəsidir.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında deyib: “Hər bir ölkə üçün ən vacib məsələ insanların həyatının qorunmasıdır. Bu gün ölkəmizdə ən qiymətli sərvətimiz olan insanların həyatının qorunması, onların sağlam yaşayışlarının təminatı diqqətdə saxlanılır, səhiyyə inkişaf etdirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Artıq muxtar respublika əhalisi tibbi sığortadan yararlanır. İstər ucqar dağ kəndlərində, istərsə də şəhər mərkəzlərində səhiyyə müəssisələri üçün lazımi şəraitin yaradılması, tibbi avadanlıqların quraşdırılması, həkim hazırlığı və profilaktik tədbirlərin görülməsi muxtar respublikada mövsümi xəstəliklərin yayılmasının qarşısını almışdır”.

Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizədə iştirak edən bütün həkimlərə və tibb işçilərinə, baytarlıq təbabəti xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra avtomobillərin açarları təqdim olunub, yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxış olub.

Məlumdur ki, pandemiya dövründə əhaliyə evlərdə səhiyyə xidmətinin göstərilməsi mühüm məsələlər sırasında yer alır. Bu baxımdan muxtar respublikada koronavirus pandemiyasının qarşısının alınmasının bir səbəbi də evlərdə karantin rejiminin tətbiqi və müalicənin təşkilidir. Bunun üçün lazımi maşınlar və avadanlıqlar lazımdır. Ali Məclis Sədrinin tapşırığı ilə son 2 il ərzində muxtar respublikanın səhiyyə müəssisələrinə tələbata uyğun təcili tibbi yardım maşınları verilib. Dekabrın 1-də isə növbəti avtomobillərin təqdim olunması, bu sahədə işlərin bundan sonra da operativ şəkildə qurulmasını təmin edəcəkdir.

Aparılan genişmiqyaslı quruculuq işləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilib, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşub. Muxtar respublikanın digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılıb, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilib.

Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər, qəsəbə və kəndlərində aparılan genişmiqyaslı quruculuq işləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən il dövründə 7 ümumtəhsil müəssisəsi yenidən qurularaq istifadəyə verilib. Ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların tətbiqinə geniş imkanlar açıb. Dekabrın 3-də Dırnıs kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Məktəbin maddi-tədris bazası yaxşılaşdırılıb, burada müasir tədris şəraiti yaradılıb.

Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub, bölgələrin tarixi ilə bağlı nəşr olunmuş kitabların kitabxanalara verilməsi barədə tapşırıq verib. Məktəbdə internetə çıxışı olan 20 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan qalaları” mövzusunda keçirilən interaktiv dərsi izləyib. Muxtar respublika rəhbəri Vətən müharibəsi iştirakçıları ilə şagirdlər arasında görüşlərin keçirilməsi barədə tapşırıq verib. Şahmat sinfinə baxış zamanı Ali Məclisin Sədri onlayn şahmat yarışlarına üstünlük verilməsi barədə tapşırıq verib, Naxçıvanda şahmatın tədrisinin nümunə kimi təqdim olunduğunu bildirib.

Məktəbin pedaqoji kollektivi ilə görüşdə çıxış edən Ali Məclisin Sədri Dırnıs kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilin də əsası məktəbdə qoyulur. Ona görə də məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulmalıdır. Müstəqil ölkəmizin gələcəyinin təminatçısı olan gənclərin yetişdirilməsi üçün onlar yaxşı təhsil almalı, vətənpərvər ruhda böyüməlidir. Gənclər elə yetişdirilməlidir ki, onların nəinki Azərbaycanda, həmçinin istənilən xarici ölkələrdə ali təhsil almaq, peşə öyrənmək imkanları olsun. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik”. Məktəbdə təhsillə bərabər, gənclərimizi həm də vətənpərvər ruhda böyütməliyik ki, gələcəkdə ölkəsi, cəmiyyət və ailəsi üçün yararlı vətəndaşa çevrilə bilsin... Harada olmalarından asılı olmayaraq, onlar azərbaycançılıq ideologiyası ilə yaşamalı, Vətənə xidmət haqqında düşünməli, eyni zamanda özlərinin davranışları ilə nümunə olmalıdırlar. Bunların hamısının əsası isə məktəbdə qoyulur. Yaradılan şərait, eyni zamanda, kollektivin öz işinə məsuliyyətlə yanaşması gələcəkdə bu məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir. Bu gün istifadəyə verilən məktəb binası uzun illər istifadə olunmalı, qurulanlar qorunmalıdır”.

Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulayıb.

Kənd yaşayış məntəqələrində müasir infrastrukturun qurulması əhalinin rahat yaşayışının təmin olunmasına xidmət edir

Muxtar respublikada müasir yol-nəqliyyat infrastrukturu daim diqqətdə saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir. Dırnıs kənd avtomobil yolunun yenidən qurulması da bölgələrdə infrastruktur quruculuğu istiqamətində görülən işlərin tərkib hissəsidir. Dekabrın 3-də Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olub.

Dekabrın 3-də Dırnıs kənd mərkəzi də istifadəyə verilib. Ali Məclisin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb, iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub. Ali Məclisin Sədri səhiyyə ocağında yaradılan şəraitlə tanış olub, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, bu sahədə broşürlərin hazırlanması barədə tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Dırnıs kəndində xidmət mərkəzinin də açılışını edib, yerli məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Kənd sakinləri ilə görüşdə Ali Məclisin Sədri Dırnıs kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edib. Muxtar respublika rəhbəri deyib: “Kənddə ailə təsərrüfatları formalaşıb, inkişaf edib. Ərazi imkan verir ki, burada heyvandarlıq, arıçılıq, meyvəçilik və bitkiçilik inkişaf etdirilsin. Bütün bunlardan səmərəli istifadə edərək gözəl, səfalı kəndi daha da abadlaşdırmaq lazımdır. Dövlət əhalinin rahatlığı üçün hər cür şərait yaradıb. Bütün bu işlərin görülməsi üçün ölkədə sabitlik, inkişaf və iqtisadi imkanlar olmalıdır. Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi, o yola sədaqət bu gün kəndlərimizi, ölkəmizi abadlaşdırmaqla bərabər, ərazi bütövlüyümüzü təmin etdi. Bunların hamısı bugünkü reallıqlardır. Həmin reallıqlar Dırnıs kəndinin timsalında aydın görünür. Bu gün ölkəmizin inkişafı hər kəsdə təəccüb doğurur. Bu da bizim üçün qürurdur. Qısa müddətdə Azərbaycan inkişaf etmiş ölkələr sırasında özünəlayiq yer tutub. Ölkəmiz iqtisadi imkanlarına və təhsilin səviyyəsinə görə ön sıralarda dayanır. Bütün bunlar hamısı nailiyyətdir. Görülən işlər ölkəmizin bu günü ilə yanaşı, eyni zamanda onun gələcəyini də təmin edəcəkdir. Bütün bunlara dövlət-xalq birliyi nəticəsində nail olunub”.

Böyük quruculuq dövründə hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verilir

Muxtar respublikanın ədliyyə orqanlarında innovativ yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilir, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların fəaliyyəti təkmilləşdirilir. Qeydiyyat şöbələrinin “Vətəndaşlıq Vəziyyəti Aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulması, həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin fərdi identifikasiya nömrəsi ilə təmin edilməsi bu sahədə atılan uğurlu addımlardandır. Vətəndaşlara göstərilən xidmətlərin tələbatı və əhəmiyyəti nəzərə alınaraq qeydiyyat şöbələri ilə yanaşı, notariat fəaliyyətinin də daha səmərəli təşkili üçün yeni imkanlar yaradılır, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilir. Muxtar respublikada notariat orqanları “Elektron notariat” informasiya sisteminə qoşulmaqla vətəndaşlara daha çevik və keyfiyyətli xidmətlərin göstərilməsini həyata keçirirlər. Dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin inzibati binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Ölkəmizdə qeydiyyat şöbələrinin fəaliyyəti Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydasına əsasən tənzimlənir. Nikahın, nikahın pozulmasının, doğumun, övladlığa götürmənin və ölümün qeydə alınması, ad, ata adı və soyadın dəyişdirilməsinin qeydə alınması, eyni zamanda, verilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının təkrar verilməsi qeydiyyat şöbələrinin əsas vəzifələridir. Muxtar respublikada 8 Qeydiyyat şöbəsi, 1 Nikah evi, 11 Notariat ofisi fəaliyyət göstərir. Bunlar vətəndaşlarla sıx işləyən qurumlardır. Ona görə də fəaliyyət üçün lazımi şərait yaradılmalı idi. Vaxtilə Naxçıvan şəhərində 1 Qeydiyyat Şöbəsi vardı. Naxçıvan şəhərinin inzibati ərazisində aparılmış dəyişikliklərə uyğun olaraq, eləcə də əhali artımı nəzərə alınaraq ikinci Qeydiyyat Şöbəsinin yaradılmasına ehtiyac yaranmışdı. Yaradılan ikinci qeydiyyat şöbəsi bu gündən müasir tələblərə cavab verən binada fəaliyyətini davam etdirəcəkdir.

Ali Məclisin Sədri kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qardaş ölkə ilə münasibətlər hərbi sahədə də uğurla inkişaf edir

Azərbaycan ilə qardaş Türkiyə arasında əlaqələrin inkişafı ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, türk xalqının lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsinə əsaslanır. Bu gün hər iki ölkənin prezidentləri tərəfindən dostluq münasibətləri daha da inkişaf etdirilir, hərbi sahədə əməkdaşlıq genişləndirilir.

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçınla görüşüb. Ali Məclisin Sədri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edib, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.

Ulu Öndərimizin xatirəsi daim uca tutulur

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xilaskarı və əbədiyaşar lideri, milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Ümummilli Liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən Ulu Öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul edib, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması və müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, milli ordu quruculuğuna başlanılıb, Naxçıvan işğaldan qorunub. Həmin illərdə dahi şəxsiyyət bu diyarı təkcə təhlükələrdən xilas etməyib, həm də siyasi məktəbinin layiqli məzunlarını yetişdirib, onlara böyük əhəmiyyətə malik gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasını ərməğan edib. Məhz bunun nəticəsində hazırda Naxçıvan Muxtar Respublikası tərəqqi dövrünü yaşayır. Qədirbilən naxçıvanlılar Ulu Öndərin xatirəsini daim uca tutur, onun nurlu xatirəsini ehtiramla yad edirlər.

Dekabrın 12-də Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Muxtar respublikada yerli xammalla işləyən sənaye müəssisələrinin yaradılmasına üstünlük verilir

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, muxtar respublikamızın sosial-iqtisadi məsələlərinin həllində sahibkarlığın rolunun artmasına, ən əsası isə mövcud potensialın reallaşdırılmasına yönəlib. Bu da rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına imkan verib. “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsinin yaradılması da rəqabətədavamlı məhsul istehsalına imkan verəcəkdir. Dekabrın 13-də cəmiyyətin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilib. Muxtar respublika rəhbəri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri müəssisənin qurulmasında əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Sənaye müəssisələri, ilk növbədə, daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər. Plastik məmulatlar istehsalı müəssisəsinin qurulması da yeni iş yerlərinin açılması ilə yanaşı, muxtar respublikada bu sahə üzrə mütəxəssislərin formalaşmasına da imkan verəcəkdir. Həmçinin muxtar respublikada bu sahədə əvvəllər tullantı formasında olan məhsullar yenidən xammal kimi təkrar istehsala cəlb olunacaqdır. Bu da ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır”.

Muxtar respublika rəhbəri kollektivi təbrik edib və müəssisəni işə salıb. Ali Məclisin Sədri müəssisədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, məhsul çeşidinə diqqət yetirilməsi, plastik tullantıların yığılaraq müəssisəyə təhvil verilməsinə köməklik göstərilməsi və yeni istehsal sahələrinin yaradılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, cəmiyyətin polietilen məhsulların istehsalı üzrə layihəsi ekspertiza edilərək müsbət qiymətləndirilib, bu sahənin vacibliyi nəzərə alınaraq sahibkara dəstək verilib, muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit ayrılıb, müəssisə sahibkarın və dövlətin vəsaiti hesabına yaradılıb. Yeni müəssisə daxili tələbatı keyfiyyətli yerli məhsullar hesabına ödəyəcəkdir. İstehsal olunan məhsulların ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulub. Həmin məhsullar həm məişətdə, həm də sənayedə və kənd təsərrüfatında geniş istifadə olunacaqdır.

Digər tərəfdən, muxtar respublikada plastik məmulatlara olan tələbat idxal hesabına həyata keçirilirdi. Lakin müəssisənin fəaliyyətə başlaması ilə tələbat tam yerli istehsal hesabına ödəniləcək və ixrac imkanları yaranacaqdır. Yəni “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəyə verilməsi ilə həm yeni iş yerləri açılıb, həm də daxili bazar qorunub. Ümumiyyətlə, muxtar respublikada yerli xammalla işləyən sənaye müəssisələrinin yaradılmasına üstünlük verilir. Ona görə ki, müəssisənin daşıma xərcləri azalır, keyfiyyətli və ucuz məhsul istehsal olunur.

Yeni istehsal müəssisələrinin yaradılması uğurla davam etdirilir

Yuxarıda vurğuladığımız kimi, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud resurslar istehsala cəlb edilir. Ötən dövrdə özəlləşdirilmə nəticəsində müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, yeni istehsal sahələri yaradılıb. Həmin müəssisələrdə istehsalın canlanması muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirib.

Bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi məqsədilə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş “Xalça” Açıq Səhmdar Cəmiyyətinin balansında olan tikililər sahibkarlıq subyektləri tərəfindən özəlləşdirilib. Cəmiyyətin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcəkdir. Bunlar tullantıların təkrar emalı, mebel istehsalı sahəsi, ərzaq və məişət avadanlıqlarının saxlanması anbarı, ərzaq məhsullarının paketlənməsi və logistik mərkəz, 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması və mebel istehsalı sahələridir. Müəssisələrdə, ümumilikdə, 215 iş yeri yaradılıb. Ümumilikdə, müəssisələrin qurulmasına 6 milyon 509 min manat investisiya qoyulub ki, bunun da 730 min manatı dövlət maliyyə dəstəyidir.

Dekabrın 17-də Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahibkar unutmamalıdır ki, o, həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”, – fikrini xatırladaraq deyib: “Bu gün istifadəyə verilən müəssisələrdə həm sahibkarın, həm də dövlətin mənafeyi qorunur. Sahibkarlar bazarı araşdıraraq investisiya qoyulacaq sahələri müəyyənləşdirmişdir. Dövlət isə müəyyən güzəştlər tətbiq etmiş, investisiya təşviqi sənədləri vermiş, ərazi ayrılmış, nəticədə, yeni istehsalat sahələri yaradılmışdır. Bütün bunlar isə ümumxalq işinə böyük töhfədir. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması tələbatın idxal deyil, yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Bir sözlə, həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir”.

Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirib, yaradılan şəraitlə maraqlanıb, müəssisəni işə salıb. Muxtar respublika rəhbəri istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, qablaşdırmaya diqqət yetirilməsi, yeni biznes layihələrinin təqdim olunması, yerli xammalla işləyəcək müəssisələrə üstünlük verilməsi və daxili bazarın qorunması barədə tapşırıqlar verib.

“Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri muxtar respublikanın mətbuat tarixinə qızıl hərflərlə yazıldı

Ötən il muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin işıq üzü görməsinin 100 ili tamam oldu. “Şərq qapısı”nın ən böyük uğuru o idi ki, qəzet 100 ildə muxtar respublikanın elmi və yaradıcı mühitinin sanballı tərənnümçüsü olub, Azərbaycan milli mətbuatının tarixində davamlı şəkildə bir əsr fəaliyyət göstərib, ən müxtəlif mövzularda oxucularına məlumatlar çatdırıb, ictimai fikrin formalaşmasında mühüm rol oynayıb, dövrünün salnaməçisi kimi çıxış edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib. Yubiley tədbirinin keçirilməsi, nəinki jurnalistlərin, həmçinin ədəbi mühit nümayəndələrinin, ziyalıların və ictimaiyyətin böyük sevincinə səbəb olub.

Ali Məclisin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün tərəddüdsüz demək mümkündür ki, “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından ən etibarlı mənbədir. Qəzetin 100 illik tarixində Naxçıvanın taleyi və müqəddəratı, çətinlikləri və uğurları əks olunub. İctimai nəzarət funksiyasını yerinə yetirən orqan kimi qəzet bu gün də muxtar respublikanın tanıdılması və təbliğində səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafa öz töhfəsini verir. Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixiləşdirmək kimi mühüm vəzifələr durur”.

Ali Məclisin Sədri bu yolda mətbuat işçilərinə uğurlar arzulayıb, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu, çətinliklərini və uğurlarını təhlil edərək ictimaiyyətə düzgün çatdıran, eyni zamanda, bunu kitab halında nəşr edən jurnalistlərə təşəkkürünü bildirib, qəzetin kollektivini yubiley münasibətilə bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il dekabrın 17-də “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilib. “Şərq qapısı” qəzeti ilə uzunmüddətli əməkdaşlıq edən, qəzetin Culfa rayon müxbiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcova qəzetin 100 illik yubileyi ilə bağlı qiymətli hədiyyə təqdim olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin Sədri fəxri adın döş nişanını və vəsiqəsini, eləcə də “Rəşadətli əməyə görə” nişanını və vəsiqəsini təqdim edib.

“Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxışdan sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş sərgiyə baxıblar.

Muxtar respublika rəhbəri mətbuat nümayəndələri ilə səmimi söhbət edib, jurnalistika peşəsinin və mətbuatın əhəmiyyətini vurğulayıb, nəşr olunan kitabların dərs vəsaiti kimi istifadəsinin vacibliyini bildirib, bu illər ərzində səmərəli fəaliyyətlərinə görə muxtar respublika teleradio və mətbuat işçilərinə təşəkkür edib.

Qeyd edək ki, 1921-ci ilin noyabrında “Cavanlar həyatı”, 1921-ci ilin dekabrından etibarən “Füqəra səsi”, 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” adı ilə nəşr olunan qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclisin Sədri Vasif Talıbovun qayğısı ilə “Şərq qapısı” qəzetinin 75, 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamının icrası istiqamətində isə AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanıb, ümumilikdə yubiley münasibətilə qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görüb, yaradıcılıq müsabiqəsi keçirilib, mətbuatda silsilə məqalələr dərc olunub. Ümumilikdə yubileylə bağlı 13 tədbir keçirilib.

Tarixi məscid Naxçıvan memarlıq məktəbinin ənənələrinə uyğun olaraq müasir üslubda yenidən inşa edilib

Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri bu gün onun bütün bölgələrində, yaşayış məntəqələrində olduğu kimi, Cəhri qəsəbəsinin timsalında da özünü aydın göstərir. Belə ki, qəsəbədə 2 tam orta məktəb, qəsəbə mərkəzi, sahə xəstəxanası, mədəniyyət evi, musiqi məktəbi, kitabxana, poçt bölməsi, yeni nəsil ATS, xidmət və ticarət mərkəzləri və 2 mərasim evi sakinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq hazırda qəsəbə mərkəzi və yollar abadlaşdırılır. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında milli-mənəvi dəyərlərimizə, o cümlədən yeni məscidlərin inşa edilməsinə, tarixi məscidlərin isə bərpa və təmir olunmasına diqqət və qayğı xüsusi yer tutur.

Bu tədbirlərin davamı olaraq Cəhri qəsəbəsində tam yararsız vəziyyətdə olan tarixi məscidə yeni həyat verilib. Məscid orta əsrlər dövründən bəri Cəhri əhalisinin həyatında mühüm rol oynayıb. Ancaq Sovetlər Birliyi dövründə baxımsızlıq ucbatından xeyli aşınıb, uçub-dağılıb. Buna baxmayaraq məscid Naxçıvan memarlıq məktəbinin ənənələrinə uyğun olaraq müasir üslubda yenidən inşa olunaraq dekabrın 21-də istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Muxtar respublika rəhbəri çıxış edərək deyib: “Bu ərazidəki məscid uzun illər insanların mənəviyyat ocağı olmuş, onları Vətənə, dövlətə və dinə sədaqət ruhunda tərbiyə etmişdir. İnsanların mənəviyyatlı olması ölkənin xoşbəxtliyidir. Çünki mənəviyyatlı insanlar vətənpərvər insanlardır. Vətənpərvər insanlar isə harada yaşamalarından və hansı işlə məşğul olmalarından asılı olmayaraq, Vətəninə, ölkəsinin möhkəmliyinə xidmət edirlər. Uzun illər işğal altında olan torpaqlarımız da məhz Ali Baş Komandanın rəhbərliyi ilə vətənpərvər və mənəviyyatlı insanlarımız, müzəffər ordumuz tərəfindən azad olundu. Əsgərlərimizin azad olunmuş torpaqlarda, dağıdılmış məscidlərdə Quran oxumaları insanlarımızın nə qədər böyük mənəviyyata sahib olmalarının göstəricisidir. Bu mənada, məscidlər təkcə ibadət yeri deyil, həm də mənəviyyat ocağıdır”.

Ali Məclisin Sədri məscidin tikintisində əməyi olanlara təşəkkürünü bildirib.

Həmin gün Ali Məclisin Sədri Cəhri-Gərməçataq kənd avtomobil yolunda görülən yenidənqurma işləri ilə də maraqlanıb. Ali Məclisin Sədri yolda yenidənqurma işlərinin davam etdirilməsi və sakinlərin təkliflərinin nəzərə alınması barədə tapşırıqlar verib.

Abadlıq işləri görülür, yollar çəkilir, sosial obyektlər istifadəyə verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu baxımdan ötən il də muxtar respublika üçün uğurlu olub, quruculuq və sosial-iqtisadi inkişaf ili kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin yolunun muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvanda ən ucqar kəndlərində belə, abadlıq işləri görülüb, yollar çəkilib, sosial obyektlər qurulub. Təkcə ötən ilin 3 ayı ərzində Ordubad rayonunun 3 kəndində abadlıq-quruculuq işləri tamamlanıb. Əndəmic, Dırnısda, dekabrın 23-də isə Vələver kəndində sosial obyektlər istifadəyə verilib. Həmin gün Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub. Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçilən interaktiv dərsi izləyib. Sonra pedaqoji kollektiv ilə görüş olub.

Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub. Həmin gün Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olub.

Sonra sakinlərlə görüş olub. Ali Məclisin Sədri kompleks quruculuq işlərində iştirak edənlərə və zəhməti olanlara təşəkkür edib, sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib.

Həmin gün muxtar respublika rəhbəri Vələver kəndində xidmət mərkəzinin də açılışını edib, yerli istehsal məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Naxçıvanda şəhid ailələri və qazilər mənzillərlə və avtomobillərlə təmin olunurlar

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub.

Bu tədbirlərin davamı olaraq dekabrın 24-də – Azərbaycan Respublikası Prezidentinin yubileyində Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Əziz şəhid ailələri və qazilər! Azərbaycanın müstəqilliyinin ilk illəri ağır sınaqlardan keçmiş, ölkəmiz vətəndaş müharibəsi və işğal təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda ictimai-siyasi sabitliyi və inkişafı təmin etmişdir. Bu gün isə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf konsepsiyasının bəhrəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək Milli Qurtuluşa, ölkə Prezidenti cənab İlham Əliyev isə ərazi bütövlüyümüzü təmin etməklə tarixi Zəfərə qovuşdurmuşdur”.

Ali Məclisin Sədri əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Naxçıvan Muxtar Respublikasında kompleks inkişaf davam etdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında kompleks inkişaf davam etdirilib, əməkhaqları artırılıb, yüksək rifaha nail olunub, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib. Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin ən mühüm hadisəsi mayın 10-da Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri olub. Səfər zamanı dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunun və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak edib, Asan Xidmət Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubadda dəmiryolu stansiyasının yenidən qurulması ilə tanış olub.

İqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artaraq 3 milyard manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi 6525 manat təşkil edib ki, bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşmüşdür. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə istehsal olunan sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olub. Bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşüb. 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib, zəmilərdən 103 min tondan artıq məhsul yığılıb. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərib, muxtar respublika əhalisinin sayı artaraq 463 min nəfər olub.

Dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzəsində bu faktları qeyd edib. Çıxışının sonunda Ali Məclis Sədri deyib: “Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2022-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Ölkə Prezidentinin də dediyi kimi: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik”.

Zəhmət yüksək qiymətləndirilir

Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.

Dövlət-xalq-ordu birliyinin daha bir nümunəsi

“Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır. Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik bayramı bu gün xalq-ordu birliyinin də əsasını təşkil edir. Bunun nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Qələbə qazanıb. Naxçıvan Muxtar Respublikasında da həmrəylik bayramında əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması bu birliyin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.

Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Ali Məclisin Sədri Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına gəlib, burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların səhhəti ilə maraqlanıb, əsgərləri və tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Ali Məclisin Sədri yeməkxanada olub, hərbi qulluqçuların qidalanması ilə maraqlanıb, hospitalda mülki şəxslər üçün də tibbi xidmətin təşkili və kadr işinin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Uğurların zəmanəti – Heydər Əliyev yoluna dərin sədaqət və vətənpərvərliklə həyata keçirilən quruculuq siyasəti

Muxtar respublikada əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Ötən ayın nəticələrinə diqqət yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikada əldə olunmuş inkişaf göstəriciləri növbəti nailiyyətlər üçün ciddi əsaslar yaradır. İnkişaf və tərəqqinin davamlı xarakter alacağı isə şübhəsizidir. Çünki Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin quruculuğa, inkişafa, yüksəlişə əsaslanan siyasi xətti bu gün inamla davam etdirilir. Bunu reallaşdıranlar isə siyasətdə keçdiyi çətin və şərəfli yolu, sərt və mürəkkəb məqamlarda tutduğu obyektiv və qəti mövqeyi, atdığı düşünülmüş addımları, əldə etdiyi ciddi və mühüm nəticələri ilə böyük siyasi məktəbin əsasını qoyan Ulu Öndərin məhz həmin məktəbinin layiqli məzunlarıdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.