Strateji obyektlərin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti strateji əhəmiyyətli obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə xidmətin əməkdaşları tərəfindən “Azərenerji” ASC-nin Bakı və Sumqayıt elektrik stansiyalarında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.
“Strateji obyektlərin yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan tədbirlərdə həmin müəssisələrin əməkdaşları iştirak ediblər.
Maarifləndirmə tədbirlərində elektrik stansiyasının açıq paylayıcı qurğusunda, elektrik transformatorlarında, kabel kanallarında yanğın təhlükəsizliyi tədbirləri, elektrik enerjisi istehsal edən generatorlar yerləşən maşın zalında avtomatik yanğın xəbərverici sistemlərinə və qaz analizatorlarına texniki qulluq, həmin qurğu və avadanlıqların istismarı qaydalarına dair söhbət aparılıb. Həmçinin fövqəladə hal baş verdikdə, elektrik stansiyasının baş idarəetmə məntəqəsinin növbətçi mühəndis heyəti tərəfindən həyata keçiriləcək ilk əməliyyatlar, yanğınsöndürmə işləri zamanı təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.





Xəbərin mətnində orfoqrafik səhv var