ELM VƏ TƏHSİL
Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı təsdiq edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla akademiya qarşısında mühüm vəzifələr müəyyənləşdirildiyini qeyd edib. Bildirilib ki, AMEA rəyasət heyətinin qərarı ilə həmin vəzifələrin elmi-tədqiqat müəssisələrində müzakirəsi və müvafiq tədbirlər planının hazırlanması üçün zəruri tapşırıqlar verilib. Dilqəm Tağıyev onu da əlavə edib ki, həmin vəzifələrdən irəli gələrək qəbul edilmiş qərarların, səsləndirilən rəy və təkliflərin təhlili üçün AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə AMEA rəyasət heyətinin daimi işçi komissiyası yaradılıb. Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı komissiya tərəfindən hazırlanıb.
İclasda strateji yol xəritələrinin əsas istiqamətlər üzrə qarşıya qoyulan hədəflərindən danışılıb. Milli iqtisadiyyat perspektivi üzrə, o cümlədən kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri üzrə əsas hədəflər müəyyənləşdirilib.
Geniş müzakirələrdən sonra AMEA-nın tədbirlər planı təsdiq edilib. Elmi-tədqiqat institutlarının tədbirlərinin monitorinqini təşkil etmək və icraçılar arasında əlaqələndirməni həyata keçirmək daimi işçi komissiyasına həvalə edilib, strateji yol xəritələrinin müzakirəsi ilə bağlı irəli sürülmüş təkliflərin həyata keçirilməsinə nəzarət isə əlaqədar institutların rəhbərlərinə tapşırılıb.