İQTİSADİYYAT


Strateji yol xəritələrinin icra vəziyyəti müzakirə olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yol xəritələrinin 2019-cu ildə icra vəziyyətinə dair müzakirələrə start verilib. İlk olaraq “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə bu il görülən işlərin icraçı qurumlarla birlikdə müzakirəsi aparılıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və davam edən tədbirlər barədə görülən işlər və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi tədbirləri müzakirə edilib. Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.

V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsinə uyğun olaraq biznes

mühitinin əlverişliliyinin artırılmasının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda, fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 milyon manat və ya 20,6 faiz artıb”.

Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, ASAN xidmət və digər qurumların nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.