CƏMİYYƏT


Stress və psixoemosional gərginlik öskürəyə səbəb olur

Bakı, 23 sentyabr, AZƏRTAC 

Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavab reaksiyasıdır. Öskürək çox sadə xəstəlik sayılan soyuqdəymə, zökəmin, eyni zamanda, xərçəng kimi ağır patoloji proseslərin əlaməti kimi də ortaya çıxır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva öskürəyi yaradan səbəblər haqqında danışıb.

Həkim deyib: “Öskürək haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və bu kimi bir sıra problemlərin nəticəsində yaranır. Bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər. Yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçməlidir. Keçmədiyi təqdirdə bunun səbəbi var və bu hal müalicə olunmadıqda daha ağır fəsadlarla nəticələnə bilər. Öskürək müalicəyə tabe olmadığı təqdirdə həyəcanlanmağa əsas yaranır. Bu halda mütəxəssis müayinəsindən keçmək vacibdir. Öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər. Belə ki, stress, psixoemosional gərginlik də öskürəyə səbəb ola bilər. Bu xoşagəlməz hal bəzən döş sümüyündə, boyunda ağrılarla da müşahidə olunur ki, bunun səbəbi araşdırılmalıdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək ola bilər. Siqaret çəkənlərin isə səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirmələri çox təhlükəlidir. Bu hal ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.