CƏMİYYƏT
“StudentFest-2022” tələbə düşərgəsinin ikinci mərhələsi başa çatıb VİDEO





Bakı, 31 avqust, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən bütün ixtisaslar üzrə ali təhsil alan tələbələr üçün təşkil olunan “StudentFest-2022” tələbə düşərgəsinin ikinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından faydalı olan bu tip düşərgələrin davamlılığının zəruri olduğunu vurğulayıb.
Daha sonra Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev nazirliyin dəstəyi ilə indiyədək təşkil olunan tələbə düşərgələri haqqında ümumi məlumat verib və tələbələri düşərgəboyu fəallıq nümayiş etdirməyə çağırıb.
Düşərgədə iki günü ərzində müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub.
Düşərgə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən faydalı praktik məşğələlər, idman yarışları, həmçinin tələbələrin asudə vaxtlarının daha səmərəli və produktiv keçirilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” və Breyn-rinq formatlarında oyunlar, musiqili proqramlar keçirilib.