CƏMİYYƏT
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları uğurlu əməliyyat tədbirləri keçiriblər
Bakı, 16 sentyabr, AZƏRTAC
Müvafiq icazə almadan qanunsuz ov edən və balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax rayonunda idarənin inzibati ərazisinə daxil olan Qarayazı Dövlət Təbiət Qoruğunda həyata keçirilən tədbir zamanı elektrik avadanlığı ilə qanunsuz balıq ovlayan rayon sakini Kərəm Mansurov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazə almadığı müəyyənləşdirilib. Kərəm Mansurovla aparılan profilaktik söhbət zamanı ona elektrik avadanlığı ilə balıq tutmanın təhlükəli olduğu və bu halın suda yaşayan canlıların kütləvi məhvi ilə nəticələnə biləcəyi izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq brakonyerliklə məşğul olan şəxslərə qarşı daha bir tədbir Qaradağ rayonunun Sahil qəsəbəsində həyata keçirilib. Həmin ünvanda dənizdə qanunsuz olaraq tor quraraq balıq ovlayan paytaxt sakinləri Nəriman Abdullayev və Ziyafət Məcidov saxlanılıblar. Həmin şəxslərdən qanunsuz balıq ovunda istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və tutduqları müxtəlif növ balıq aşkarlanaraq götürülüb. Sorğu zamanı onların heç birinin balıqovlama biletinin olmadığı müəyyənləşdirilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi qaydada profilaktik söhbətlər aparırlar. Həmin şəxslərin diqqətinə çatdırılır ki, “ASAN Xidmət” mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlığından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.
Həmçinin idarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında ovçuluqla qanunsuz məşğul olan, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslərə xəbərdarlıq edilir ki, balıqçılıq və ovçuluq fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.
Vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və adları sadalanan qoruqlarda, eləcə də milli parklarda hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012 433-38-12 və 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.