CƏMİYYƏT
Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib
Bakı, 17 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə mayın 17-də “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə edilib.
Müşavirədə şəhər ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub.
Daha sonra çıxış edən natiqlər “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizliyi”, “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx göstərilib.
Müşavirədə Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.