CƏMİYYƏT
Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müşavirə keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, rayon icra hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, çimərliklər, kənarlarında yerləşən ictimai iaşə obyektlərinin sahibləri, rayonun idarə, müəssisə və aidiyyəti təşkilatların rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətlərindən və yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydalarının vacibliyindən danışıb.
Dövlət Sularda Xilasetmə Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət bölməsinin əməkdaşı Müvəssəl Allahverdiyev “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması”, rayon mənzil-kommunal təsərrüfatı birliyinin baş mühəndisi Kamal Mirzəyev “Yay mövsümündə əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, rayon təxirəsalınmaz təcili tibbi yardım stansiyasının baş həkiminin müavini Tahir Alıyev “2017-2018-ci illər üzrə müqayisəli statistika üzrə çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Mürvət Abduləzizov “Dəniz suyunun təmizlik vəziyyəti”, rayon polis idarəsinin əməkdaşı Cavidan Rəhmanova “Çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında çıxış ediblər.
Tədbirdə rayonun çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumat verilib, FHN-in fəaliyyət istiqamətləri haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin hazırladığı videoçarx nümayiş etdirilib.
Sonra Qaradağ rayonundakı çimərliklərdə mövcud problemlər təhlil olunub.
Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Bağırov çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyini bildirib.