CƏMİYYƏT
“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib
Bakı, 25 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Sabunçu rayonu sahillərində FHN tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri və aşkarlanmış nöqsanlar barədə geniş məlumat verilib.
Toplantıda, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.