REGİONLAR


Su itkisinin qarşısını alır, təsərrüfat sahibləri suvarma suyu ilə təmin edilir VİDEO

Qusar, 24 avqust, AZƏRTAC

Son illər Qusar rayonunda kənd təsərrüfatı sahəsinə maraq artıb. Bunun nəticəsidir ki, rayonda yeni müasir tipli bağ sahələri salınıb. Fermerlərin bağ və əkin sahələrini genişləndirməsinin başlıca səbəblərindən biri də suvarma suyuna olan tələbatın yaxşılaşdırılmasıdır. Son illər fermerlər suvarma suyuna qənaət etmək məqsədilə damcı suvarma üsulundan istifadəyə maraq göstərirlər. Bu cür suvarma üsulundan yararlanan fermerlər suya və işçi qüvvəsinə qənaət edirlər. Nəticədə isə yüksək məhsuldarlıq əldə olunur. Ən əsası isə torpağın münbit qatı qorunur. Damcı ilə suvarmada suya 4-5 dəfə, gübrələrin suvarma suyu ilə verilməsi baxımından 50 faizədək gübrəyə qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, istehsalı da artır.

AZƏRTAC xəbər verir ki, hazırda rayonda 29 min 300 hektar suvarılan sahə mövcuddur. Bu sahələr 1579 kilometr uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Bu kanalların 1381 kilometri torpaq, 187 kilometri isə beton məcralıdır. Son illər rayonda aparılan meliorativ tədbirlər nəticəsində torpaq kanallar beton kanallarla əvəzlənib. Bu da öz növbəsində həm su itkisinin qarşısını alır, həm də təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilir.

Görülən tədbirlərin nəticəsidir ki, rayonda cari suvarma mövsümündə heç bir çətinlik yaşanmayıb. Həmçinin mövsümdən öncə topraq kanallar lildən təmizlənib, eləcə də hidrotexniki qurğular təmir olunub. Hazırda da bu işlər davam etdirilir.

Bununla yanaşı, rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri də görülərək, çay məcraları təmizlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Tahircalçay” çayında qurulan yeni suvarma sistemi sayəsində Qusar rayonunda daha 200 hektar sahə əkin dövriyyəsinə qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.