CƏMİYYƏT


“Su-müharibə maşını” sənədli filminin təqdimatı olub

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Su-Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (Azərbaycan, ingilis, rus və ərəb) hazırlanmış “Su-müharibə maşını” sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, filmdə işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində cəbhəxətti rayonlara vurulan ziyan, yaranmış ekoloji böhran və cəbhə xəttinə yaxın yaşayan insanlarımızın üzləşdiyi su problemi əks olunub. Qısametrajlı sənədli film formatında hazırlanan “Su-müharibə maşını” Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su Forumunda xarici ekspert və siyasətçilərdən ibarət auditoriyaya təqdim olunub. Azərbaycanı bu forumda BAMF-ın nümayəndə heyəti təmsil edib.

BAMF-ın sədri Umud Mirzəyev işğal altındakı ərazilərdən ölkəmizə axıb gələn çayların çirkləndirilməsinin, qarşısının kəsilməsinin, eləcə də müxtəlif partladıcı qurğuların axıdılmasının yolverilməz və beynəlxalq hüquqa zidd olduğunu bildirib. Sənədli filmin bu mövzu ilə bağlı müxtəlif dillərdə təqdim edilən ilk təşəbbüs olduğunu deyən U.Mirzəyev bu istiqamətdə işlərin daha çox beynəlxalq auditoriyaya çıxarılmasının əhəmiyyətinə toxunub. Filmdə su məsələləri üzrə beynəlxalq ekspert, “Dünya su müharibələri” kitabının müəllifi Adel Dərvişin, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müsahibələri yer alıb. Filmdə Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü dayandırmasını tələb edən “Azərbaycanın sərhəd bölgələrində yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı 2085 saylı qətnamənin tələblərinə dair müddəalar da yer alıb.

Filmdə işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqqında statistikalar qeyd olunur. Ermənistan ərazisindən Azərbaycana müxtəlif sululuqlu 11 çay daxil olur. Bu çayların ümumi su ehtiyatları 2,54 kubmetr təşkil edir. Həmin çayların kimyəvi və radioaktiv maddələrlə, partladıcı maddələrlə, plastik qablarla, kanalizasiya suları ilə çirkləndirilməsi, çay yataqlarının dəyişdirilməsi regionun ekosisteminin deqradasiyasına ciddi təsir göstərib. Tərtər çayı, Xaçın çayı, Qarqar çayı, Tovuz çay, Ağstafa çay vasitəsilə axıdılan yüzlərlə mina və partlamamış hərbi sursat insanların sudan istifadəsinə ciddi təhlükələr yaradıb. Onlarla gənc, yeniyetmə sudan tapdıqları partladıcı qurğulara toxunan an partlayış nəticəsində həlak olub və ya yaralanıb.

Sənədli filmdə qeyd olunduğu kimi, Azərbaycanın işğal olunmuş 20 faiz ərazisində 148,8 min hektar suvarılan torpaq sahəsi, bu torpaqları suvarma suyu ilə təmin edən 22 suvarma sistemi, 6426 kilometr uzunluğunda suvarma kanalı, 330 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi, 1429 subartezian quyusu, 539 hidrotexniki qurğu, 220 hidroloji məntəqə, 88 nasos stansiyası, ümumi su tutumu 640 milyon kubmetr olan 10 su anbarı qalıb.

Təqdimatda 40-dan çox media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu cür mövzulara toxunulmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyi bir daha vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.