CƏMİYYƏT
Su polisi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirib VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq həmin əraziyə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyərkən saxlanılıb. Həmin şəxs saxlanılan zaman əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu müəyyən edilib. Onun əlindəki bağlamaya baxış keçirilərkən 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 7 kiloqram 155 qram olan heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və adı hələ ki istintaqa məlum olmayan tanışı vasitəsilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və o, tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprelindən başlayaraq daha intensiv mübarizə tədbirlərinə start veriləcək. İdarənin əməkdaşları tərəfindən, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.