CƏMİYYƏT


Su prosedurları

Bakı, 5 iyun, AZƏRTAC

Qədim Romada xəstəliklərdən qurtulmaq üçün termal su vannaları qəbul edilirdi və həmin sağlamlaşdırıcı metoda sonralar SPA–sudan gələn sağlamlıq adı verilib.

AZƏRTAC xəbər verir ki, SPA prosedurları bürünmə, hidroterapiya (su prosedurları) və termiki prosedur kimi üç qrupa bölünür.

Bürünmə bədənə müalicəvi və profilaktik qarışıqların yaxılması ilə həyata keçirilən prosedurdur. Dəniz məhsullarından istifadə etməklə həyata keçirilən prosedur talassoterapiya adlanır. Bürünmə proseduru zamanı yosun, müalicəvi palçıq, gil, yağ, şokolad və digər məhsullardan istifadə olunur.

Həyata keçirilmə mexanizminə görə həm isti, həm də soyuq bürünmə var. İsti bürünmə damarları genişləndirərək qan dövranını yaxşılaşdırır, genişlənmiş dəri məsamələri vasitəsilə toksin və şlaklar orqanizmdən xaric olur. Soyuq bürünmədə isə damar mənfəzi daralır, limfa və qan toksinləri daxili ifrazat orqanlarına daşıyaraq orqanizmdən çıxarır. Onu yorğunluq, ödem, venaların skleroşlaşmasından sonrakı bərpa prosesində tətbiq edirlər. Həmin prosedur zamanı bədənə qarışıq yaxılaraq termoyorğana bürünülür və prosedurdan sonra yuyunulur.

Hidroterapiyanın duş və müalicəvi vanna növləri var. Duş su axının orqanizmə müxtəlif forma, temperatur və təzyiqdə təsirindən ibarət müalicə prosedurudur və iki cür olur. Şarko duşu təzyiq altında isti və soyuq suların növbələşməsindən ibarətdir və həmin prosedurun təsiri nəticəsində baş və onurğa beyninin fəaliyyəti stimullaşır, qan-damar sistemi və immunitet möhkəmlənir. Vişi duşu təsirinə görə güclü yağışı xatırladır. Duş hidroterapevtik masaj proseduru kimi çox idealdır.

Müalicəvi vannalar isə təkcə su ilə olanlar deyil. Soyuq və sərin su vannaları orqanizmə tonuslandırıcı təsir göstərir, ürək-damar sistemini möhkəmləndirir, maddələr mübadiləsini stimullaşdırır. Sudan başqa günəş və hava vannaları da var.

Termiki prosedurlarda təbii və süni istilik mənbələrindən istifadə olunur. Məsələn, isti su vannaları, hamam, sauna, qızdırıcı islatmalar, müalicəvi palçıqlar, infraqırmızı lampalar, parafin, yüksək tezlikli cərəyan və s.

Su orqanizm üçün sağlamlıq və gümrahlığı təmin edir. Bitki və yosunların ekstraktları bədənə təsir edərək onu möhkəmləndirir və sağlamlaşdırır, balzamlar isə orqanizmə tonuslandırıcı təsir göstərir. SPA prosedurları zamanı istifadə olunan aromatik yağlar dərini tonuslandıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır. Sauna və buxar kimi SPA prosedurları bədəndən şlakları və toksinləri çıxarır, ürək-damar, ürək-qan-damar, tənəffüs və sinir sistemi fəaliyyətini tənzimləyir. Dərman bitkiləri və kontras su vannaları kiçik çanaq oynaqları, böyrək və sidikçıxarıcı sistemə müsbət təsir göstərir.

SPA prosedurları sellülit zamanı, dərinin piqment ləklərinin müalicə və profilaktikasında da istifadə olunur. Prosedurlar təkcə dəriyə və dərialtı toxumaya deyil, həmçinin bütövlükdə orqanizmə təsir edir, iş qabiliyyətini artırır, oynaqlarda ağrını azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.