İQTİSADİYYAT
“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” elektronlaşdırılıb
Bakı, 1 iyun, AZƏRTAC
“Azərsu” ASC–nin “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalına ( www.e-gov.az ) əlavə olunub.
Portaldan AZƏRTAC-a bildirilib ki, bu xidməti www.e-gov.az üzərindən “Bütün xidmətlər” bölməsindən “Azərsu” ASC-nin xidmət qrupu arasından, həmçinin “Axtarış” xanasına e-xidmətin adını yazmaqla tapmaq mümkündür.
Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa “Davam et” düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.
Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən həmin məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən su-kanal idarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.
“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı 449 olub.
Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün “www.e-gov.az”, “Elektron hökumət” portalına müvafiq audentifikasiya vasitələri (“Elektron imza” kartı, “Asan İmza”, e-gov identiti və istifadəçi adı/şifrə) ilə giriş edilir.
Portalın giriş vasitələri olan istifadəçi adı/şifrə və “Elektron imza”nı “www.e-gov.az” və “www.e-imza.az” saytları üzərindən onlayn müraciət etməklə, "Şəbəkə" xidmət mərkəzlərindən, Elektron imza qeydiyyat məntəqəsindən (Dilarə Əliyeva küçəsi 185) əldə etmək olar.
Xidmətdən istifadə qaydaları ilə https://www.e-gov.az/az/news/read/560 linkində tanış olmaq mümkündür.