İQTİSADİYYAT


Su təsərrüfatı işçilərinə dövlət mükafatları təqdim olunub

Bakı, 14 iyun, AZƏRTAC

“5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuş, həmçinin “Əməkdar mühəndis” fəxri adı almış əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək son illər su təsərrüfatı sektorunun yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə üzrə genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixində imzaladığı Sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin 2018-ci il iyun ayının 4-də imzaladığı Sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeninə, 2 əməkdaş “Əməkdar mühəndis” fəxri adına, 12 əməkdaşı isə “Tərəqqi” medalına layiq görülüb. Eyni zamanda “Azərsu” ASC sədrinin əmri ilə əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Fəxri Fərman”, 101 əməkdaş isə “Təşəkkürnamə” ilə təltif olunub. “Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və ənənəvi olaraq bayram ərəfəsində həmkarlarımızın mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar”, - deyə Q.Hüseynov bildirib.

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş əməkdaşlara 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Əməkdar mühəndis” fəxri adının vəsiqələri, “Fəxri Fərman” və “Təşəkkürnamə”lər təqdim olunub. Təltif olunan əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.