REGİONLAR
Subsidiyaların verilməsi heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını artırıb
Şəki, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin ötən dövründə Şəki rayonunda 4432 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzovların sayı isə 1553 baş olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Nazim Rəcəbov məlumat verib.
Mərkəzin təmsilçisi deyib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahibləriinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən 2,2 dəfəyə yaxın artıb.
Nazim Rəcəbov bildirib ki, ötən il Şəki rayonu üzrə 1005 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 1356 baş buzova görə 135 min 600 manat subsidiya ödənilib. 2018-ci ilin ötən dövründə isə 1284 nəfər heyvan sahibinə 1553 baş buzova görə subsidiyanın ödənilməsi təmin edilib.
Hazırda rayonda 12 nəfər süni mayalama üzrə mütəxəssis fəaliyyət göstərir.